Feeds:
Yazılar
Şərhlər

“Media forum” saytının suallarını “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli cavablandırır.

Advertisements

“Miras Mədəni İrsin Öyrənilməsinə Kömək  İctimai Birliyi”-nin  Sədri   Fariz Xəlillinin  İslam Arxeologiyasi ilə bağlı  “MEDİAFORUM”-a açıqlaması

Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 2012-2016-cı illər ərzində Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonundakı dünya əhəmiyyətli mədəniyyət abidələrində bərpa və konservasiya işləri aparılacaq. Bununla əlaqədar xüsusi əhəmiyyətə malik abidələrin siyahısı çıxarılıb, zəruri hazırlıq işləri başa çatdırılıb.

Bərpa və konservasiya işləri Azərbaycan tarixi üçün əhəmiyyətli olan Cavanşir və Qız qalalarında, habelə dünya əhəmiyyətli Lahıc tarixi mədəniyyət qoruğu ərazisindəki abidələrdə həyata keçiriləcək. Təkcə Lahıc tarixi-mədəniyyət qoruğunun ərazisində 108 abidə var.

Azərbaycanın hansı rayonlarında abidələrin bərpa və konservasiya işlərinə ehtiyacı duyulur? Bu sualla “Miras“ Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarixçi alim Fariz Xəlilliyə müraciət etdik.

Fariz Xəlilli dedi ki, abidələrin qorunması və təbliği üçün Mədəniyyət və Turizm Nazirliyi çox iş görür: “Bununla əlaqədar geniş planların, xüsusi qoruqların və çoxsaylı personalın olması nazirliklə əlaqəsi olan bir ictimai sektorun nümayəndəsi kimi mənə də bəllidir. Bu qərar təqdirəlayiq hadisədir. İsmayıllı rayonu ərazisində dünya əhəmiyyətli çoxsaylı abidələrimiz var. Lahıc, Basqal, Fitdağ, Cavanşir və Qız qalası onlardan bir neçəsidir… Bütün abidələrin kiçikliyindən, böyüklüyündən asılı olmayaraq qorunmağa ehtiyacı var. Burada ayrım etmək düzgün deyil.

Qanuna görə, aşkar olunan bütün abidələr qorunmalıdır. Bu, birmənalıdır. Amma insanla təmasda olan, təbiət hadisələrindən qorunmaq problemi ilə üzləşmiş abidələrin mühafizəsinə üstünlük verilməlidir. Abidənin dağılmasında ən əsas faktor antropogen, insan faktorudur. Bunun üçün cəmiyyət maariflənməlidir. Bizə elə gəlir ki, cəmiyyət sanki nə isə bilir, amma heç nədən, qanunlardan belə xəbərdar deyil”.

“Miras” İctimai Birliyi bu il QHT Şurasına “Azərbaycanda mədəni irsə ictimai münasibətin monitorinqi və yerlərdə maarifləndirmə işlərinin aparılması” adlı layihə təqdim edib: “Amma layihə möhürün birinin artıq olması ucbatından keçmədi”.

Tarixçi hesab edir ki, cəmiyyətdə abidələrə qayğı formalaşdırmaq lazımdır: “Abidələrin qeydiyyatına gəldikdə isə düşünürəm ki, bu iş yenilənməlidir. Adı siyahıda olub, mövcud olmayan o qədər abidələrimiz var ki… Məsələn, Orta əsr Ağsu şəhəri dövlət qeydiyyatına 3 inventar sayı ilə düşmüşdü… Əgər orada tədqiqat aparmasaydıq və ciddi-cəhdlə dəyişiklik etməsəydik, indi də bir abidə 3 adla qorunurdu. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə işlər aparır. İnanıram ki, yeni abidələr aşkar olunduğu kimi, mövcud olmayan inventar sayları da dəqiqləşdiriləcək”.

Cəlil Cavanşir

Avqustun 17-də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 62-ci ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli professor Qafar Cəbiyevin mədəni irsimizin tədqiqi və təbliği sahəsində qələmi və külüngü ilə tanınan alim olduğunu bildirmiş, onun Ağsuda MİRASla bərabər gördüyü işlər haqqında məlumat vermişdir.

Çıxışının sonunda Fariz Xəlilli demişdir ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi professor Qafar Cəbiyevi Azərbaycanda mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində gördüyü işlərə görə diplomla təltif edir.

Məlumat üçün bildirək ki, Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. 1973-cü ildə Gəncə Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. Beş monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə müəllifidir. “Qızıl qələm” və “Humay” mükafatı laureatıdır.

Son illər ölkə prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı və diqqəti sayəsində Azərbaycanda arxeoloji tədqiqatların miqyasının genişləndiyini, mədəni irsin öyrənilməsinə, qorunmasına və təbliğinə olan dövlət qayğısını, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin gündən-günə dəyişdiyini, arxeoloji qazıntılarla yanaşı turizm üçün zəruri olan görüntülərin konservasiya edildiyini, üzəri örtülmüş sahələrin ilin hər fəslində ziyarət etməyin mümkünlüyünü diqqətə çatdıran professor Qafar Cəbiyev diploma görə minnətdarlıq etmişdir.

Tədbir sonda arxeoloji tədqiqatların bir hissəsinə çevrilmiş, bir növ canlı irs nümunələri olan, qazıntıda çalışan işçilərlə birlikdə, iftar süfrəsi arxasında səmimi şəraitdə davam etmişdir.

                                          

2011-ci ilin iyun ayından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Heritage Travel Turizm Şirkəti ilə birlikdə Şirvan Xəzinəsinə Aparan Yollar mədəni ris turları həyata keçirir. İlk tur Azərbaycanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərlə Orta əsr Ağsu şəhərinə təşkil olunmuşdu. İnfotur xarakteri daşıyan və media işçiləri tərəfindən maraqla qarşılanan həmin tur zamanı Diri Baba türbəsi, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Orta əsr Ağsu şəhəri ziyarət olunmuşdur.
12 avqust 2012-ci ildə MİRAS İctimai Birliyinin üzvləri Heritage Travel Turizm Şirkətinin təşkilatçılığı ilə Şirvan Xəzinəsinə Aparan Yollar mədəni irs turları çərçivəsində Buğurd qalasında olmuşlar. Bakıdan rahat avtobusla yola düşən iştirakçılar Şamaxı rayonunun Çuxuryurd kəndindən Buğurd qalası istiqamətinə UAZ markalı maşınla getməli oldular. Yolların sel suları nəticəsində yararsız hala düşməsi bu qədim tarixə malik qalanı görmək istəyən turistlərin arzusunu reallaşdırmağa imkan vermir. Tur iştirakçıları Qəleyibuğurd kəndindən Ağsu çayının içərisi ilə xeyli yol qət etdikdən sonra Buğurd qalasının ətəyində yerləşən Qaladərəsi kəndinə çatdılar. Kənd sakini Kamil Əlizadənin bələdçiliyi ilə iştirakçılar Buğurd qalasını ziyarət etdilər.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tur iştirakçılarına qala haqqında məlumat vermiş, Yevgeni Paxomov və Hüseyn Ciddinin burada kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar apardığını xatırlatmışdır. O, bildirmişdir ki, arxeoloji qazıntılar Buğurt qalasında XI-XIII əsrlərdə yaşayış olduğunu göstərir. Qalada bəzi divar və bürclərin, o cümlədən yaşayış binalarının xarabalığı qalmışdır. Evlər yonma daşlardan tikilmişdir. Mənbələrdə XV əsrin sonundan adı çəkilir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edərkən Şirvanşah II İbrahim Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1537-ci ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahrux və saray əyanları Buğurt qalasında gizlənməyə məcbur olmuşdu. 1538-ci ildə Səfəvi qoşunları Əlqas Mirzənin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərmişdi. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanılırdı. Səfəvi-Osmanlı müharibəsi zamanı osmanlılar Buğurt qalasını ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər. Qaladan XVII əsrin axırlarına kimi müdafiə məqsədi ilə istifadə olunmuşdur.
Qalanın indiyə qədər konservasiya olunmaması və son zamanlar güclü yağışların təsiri ilə qala içərisində iri yarğanların əmələ gəlməsi təəssüf doğurur. Bu cür istehkam tipli qalaların konservasiyası ilə əlaqədar müxtəlif layihələr hazırladıqlarını bildirən Fariz Xəlilli Mədəniyyət və Turizm Nazirliyinin belə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulamışdır.
Dağların qoynunda sahibsiz qalmış və tərk edilmiş tarixi Buğurd qalasından sonra tur iştirakçıları Şamaxı şəhərinə qayıtdılar. Onlar iri divar qalıqlarının aşkar olunduğu Şamaxı şəhəri 1 saylı orta məktəbin həyətində də oldular. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu divarların saray və ya rəsədxana tipli fundamental tikililərin qalıqları olması haqqında versiyaların olduğunu bildirmişdir. O, bu tikililərin Şamaxı qalasının divarları və bürcləri ola biləcəyini ehtimal etdiyini və belə tapıntıların şəhər içərisində bir neçə yerdə təsadüf olunduğunu bildirmişdir. İştirakçılar həmin yerlərdən birində oldular. Oradakı divarlar və yaxınlıqdakı ovdanlar Şamaxının turistlərin ziyarəti üçün hələ çox məsafə qət etməli olacağını bir daha göstərdi.
Mədən irs turlarının maarifləndirici və öyrədici xarakteri belə turların mütəmadi keçirilməsinin zəruri olduğunu göstərir.
Mədəni irs turunu Azərtac-ın bölgə müxbiri Adil Ağayev də izləmişdir.

 

Fariz KhalilliDear youth participants!

I participated in all conferences of YOCOCU since its establishment. I was also the first speaker of the YOCOCU, inRome, which I spoke with my poor English.  In the last meeting of YOCOCU, they gave me a prize, Cultural heritage magazine inPalermo… This meeting arranged by Simone Cagno here, in Antwerpen differs for its dynamic as well.   Oxumağa davam et »

Fariz KhalilliHörmətli gənc həmkarlar!

YOCOCU-nun yaranmasından onun konfranslarında iştirak edirəm. YOCOCU-nun ilk məruzəçisi də mən olmuşam, Romada… Zəif ingiliscəmlə başladığım YOCOCU keçən görüşdə mənim posterimi YOCOCU 2010-un ən yaxşı posteri kimi mükafatlandırdı. Antverpendə Simone Cagnonun təşkilatçılığı ilə hazırlanan bu görüş də öz dinamikliyi ilə seçilir. Oxumağa davam et »